Əfqanıstanı növbəti dəfə satdılar… Əfqan xalqı yenə də qaranlıq “tunel”ə girir… Bəs bu ölkədəki Azərbaycan sülhməramlılarının taleyi necə olacaq? SSRİ adlı gorbagor ölkə 20-ci əsrdə dəfələrlə Əfqanıstanda çevrilişlər etmişdi, sonra da ora qoşun yeritdi, daha sonra (1989-cu ildə) isə oranı biabırçı şəkildə tərk etmək məcburiyyətində qaldı.
Sovet qoşunları ordan çıxar-çıxmaz, ABŞ önə keçdi, bu ölkədə öz əlaltılarını (Rəbbanini, Hikmətiyarı, daha sonra Molla Ömərin başçılıq etdiyi “Taliban”ı) hakimiyyətə gətirdi. Sonra ABŞ öz əlaltılarının hamısını siyasi səhnədən qovdu və Əfqanıstana qoşun yeritdi. Daha doğrusu, koalisiya (müttəfiq) ölkələri ilə birlikdə Əfqanıstanı işğal etdi.
Və son 20 il ərzində ABŞ Əfqanıstanda qalmaq üçün 1 trilyondan çox pul xərcləyib.
ABŞ-ın bu 20 il ərzində ən böyük “nailiyyət”i Əfqanıstanı dünyanın 1 nömrəli narkotik istehsalçısı olan bir ölkəyə çevirməsi olub. Əfqanıstan son illərdə dünyada yeganə ölkə idi ki, burada narkotik plantasiyaları açıq şəkildə mövcud idi. ABŞ burada hakimiyyətə gətirdiyi oyuncaq prezidentlərlə (Həmid Kərzay, Əşrəf Qəni) ortaq narkotik biznesi və başqa bizneslər qurmuşdu…
Bax belə.
İndi isə durum birdən-birə dəyişib.
ABŞ öz müttəfiqlərini meydanda tək buraxaraq birdən-birə Əfqanıstanı tərk etmək qərarına gəldi. Meydan yenidən “Taliban”a buraxıldı.
Hansı “Taliban”a?
1998-2001-ci illərdə Əfqanıstanı ABŞ-ın “xeyir-dua”sı ilə rəsmən cəhənnəmə çevirən, məktəbləri bağlayan, futbolu qadağan edən, televizorları balta ilə doğrayan, antik heykəlləri vandalcasına sındırıb məhv edən vəhhabi-sələfi əqidəli radikal fanatiklərdən ibarət hərbi-siyasi-dini qruplaşma hesab olunan “Taliban”a!
Hamınızın yaxşı xatırladığınız Xalid Hüseyn`in məşhur “Çərpələng uçuranlar” romanı da məhz həmin üç il ərzində Əfqanıstanda baş verən dəhşətlər əsasında yazılıb.
Amma əsl həqiqətdə isə Talibançıların İslama heç bir aidiyyatı yoxdur. Onlar əsl terrorçudurlar. Və dünyanın bir çox ölkələri də onları elə terrorçu kimi də tanıyır.
Hazırda dünya KİV-ləri Talibançıların artıq Əfqanıstanın tamamını ələ keçirdiyini bildirirlər. Məzari-Şərif, Qəndəhar, Herat onların əlindədir. Çoxlarının xilaskar kimi baxdığı marşal Dustum Məzari-Şərifdən Özbəkistana qaçıb.
Bu ölkənin bütün normal insanları, sivil vətəndaşları Əfqanıstanı tərk edir. Bir çoxları Talibançıların idarəçiliyi altında yaşamağı əsl fəlakət sayır. Hazırda çoxlu sayda əfqanlar İran üzərindən Türkiyəyə keçməyə çalışır.
ABŞ Kabildəki səfirliyinin əməkdaşlarının böyük hissəsini və Əfqanıstandakı vətəndaşlarını 5 minlik ordunun müşayiətilə bu ölkədən çıxarır.
Türkiyə Pakistanla səylərini birləşdirərək Əfqanıstanla bağlı nə etməli olduğunu müəyyənləşdirməyə çalışır. Çünki bu ölkədə Türkiyə hərbçiləri də var. Onlarla birlikdə hazırda Əfqanıstanda 120 Azərbaycan sülhməramlısı da xidmət aparır. Bəziləri onların sayının 130 nəfər olduğunu bildirir. Onlar birlikdə Kabilin hava limanının müdafiəsini təşkil edirlər. Türkiyənin Pakistanla apardığı danışıqlardan sonra hər şey bəlli olacaq və Azərbaycan ilə Türkiyənin paytaxt Kabildəki hərbi kontingentinin oradan çıxarılıb-çıxarılmayacağı bilinəcək.
Yeri gəlmişkən, talibançılar Türkiyəyə sentyabrın 1-nə kimi vaxt veriblər.
Gördüyümüz kimi ABŞ bütün müttəfiqlərini, o cümlədən Türkiyə və Azərbaycan sülhməramlılarını da ortada buraxıb, aradan çıxıb.
Rusiya rəsmiləri ABŞ-ın bu ölkəni tərk etməsini böyük hərbi-siyasi məğlubiyyət, fiasko kimi dəyərləndirsələr də, ancaq əsl səbəb bu deyil.
Birləşmiş Ştatlar Əfqanıstandan yararlana biləcəyi qədər yararlanıb. Bu ölkə artıq ABŞ üçün maraqlı deyil.
ABŞ-ın belə tələm-tələsik Əfqanıstanı tərk etməsinin iki səbəbi var. Bir, özündən sonra Əfqanıstanı xaosa, qaranlığa təslim etmək. İki – Pakistan, İran, Türkiyə, Rusiya, Orta Asiya cümhuriyyətləri və Çin üçün ciddi geosiyasi əngəllər yaratmaq və onları potensial terror təhlükəsi ilə üz-üzə qoymaq.
Odur ki, indi adı çəkilən ölkələrin hamısı Əfqanıstandakı son prosesləri böyük bir narahatlıq içində izləyir. Necə deyərlər, hərə öz başının hayındadır.
Ortada qalan isə həmişə olduğu kimi yenə də yazıq və bədbəxt əfqan xalqıdır. Bu xalq əvvəlcə ingilislərin, sonra rusların (sovetlərin), daha sonra isə amerikanların geosiyasi maraqlarının qurbanına çevrilməklə artıq 200 ildən çoxdur ki, öz taleyinə sahib çıxa bilmir.
Budur, bu bədbəxt xalqın taleyi yenidən islam qiyafəsinə bürünmüş qaragüruhun, irticanın ixtiyarına buraxılır. Əfqan xalqının film kimi taleyinin sonu həqiqətən də çox acınacaqlıdır.
Beləliklə, əfqan xalqı növbəti dəfə müasir dünyamızın bir parçasına çevrilmək şansını itirdi.
P.S. Tarix bəzi xalqlar üçün yaxşı, bəzi xalqlar üçün isə daim pis məzmunda təkrarlanır. Nə yazıq ki, əfqanlar ikincilərdəndir.
Yeri gəlmişkən, hazırda Əfqanıstanın bir sıra bölgələrində oraya Şah İsmayıl Xətainin və Nadir şah Əfşarın zamanında yerləşdiyi bildirilən Azərbaycan türk boyları da yaşayır.