Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun məhkəmə prosesi keçirilir.
APress.az xəbər verir ki, bu gün keçirilməsi nəzərdə tutulan baxış iclasında Fəqan Əhmədovun cinayət işi üzrə ittiham aktının elan olunması nəzərdə tutulur.
Prosesdə iştirak etmək istəyən jurnalistlər zala buraxılmayıb. Nəzarətçilər bildirib ki, prosesə sədrlik edən hakim Telman Hüseynov jurnalistlərin zala buraxılmaması ilə bağlı göstəriş verib.
Xatırladaq ki, hazırlıq iclasında məhkəmə işi baxışa verilərkən prosesin qapalı keçirilməsi barədə qərar qəbul olunmayıb. Açıq məhkəmə prosesinə jurnalistlərin buraxılmaması ilə bağlı isə hər hansı izah verilməyib.
Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərək öldürüb.
O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.
Qafqazinfo