“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı” təsdiqlənib.
“Apress.az” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli qanunun tətbiqi barədə” ölkə Prezidentinin 15 fevral 2024-cü il tarixli fərmanının icrasını təmin etmək üçün qəbul edilib.
Qərara əsasən, daşımalarının səmərəliliyinin və müntəzəmliyinin təmin edilməsi, hava limanının fəaliyyətinə qanunsuz müdaxilə aktlarının baş vermə ehtimalının azaldılması, eləcə də aviasiya təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması və aviasiya təhlükəsizliyi mədəniyyətinin təşviq edilməsi məqsədilə sərnişinin üzərində, əl yükündə, qeydiyyatdan keçmiş baqajda, yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələrin siyahısına dair məsələlərin təkmil tənzimlənməsini təmin edəcək.
Daşınması qadağan edilən əşyalara bütün növ silahlar və kəsici-deşici, eləcə də keyidici (hərəkətsizləşdirici) maddə və əşyalar, peşə, küt alətləri, partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr, sıxılmış və ya mayeləşdirilmiş qazlar, tez alışan mayelər, alışan bərk maddələr, zəhərli və zəhərləyici maddələr və aşındırıcı və korroziyalaşdırıcı maddələr daxildir.
Siyahıya Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar”ında sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar daxildir.