Türkiyədən AZAL təyyarəsinin “qara qutu”su ilə bağlı RƏSMİ AÇIQLAMA – ÖZƏLbackend
Cəmiyyət
161

Türkiyədən AZAL təyyarəsinin “qara qutu”su ilə bağlı RƏSMİ AÇIQLAMA – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan təyyarəsinin “qara qutu”larının oxunması prosesi başa çatıb. “Embraer” təyyarəsinin məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını açıqlayıb. “Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl təyyarənin araşdırılması mərhələsində Türkiyə də dəstək verəcəyini bəyan edib. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu danışıb. O bildirib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

Apress.az modern.az-a istinadən xəbər verir ki  komissiyanın fəaliyyəti və “qara qutu”nun açılması prosesi haqqında məlumat almaq üçün Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat katibi Osman Bekar saytımızın sorğusuna cavab olaraq bildirib ki, Türkiyənin yaratdığı komissiya qəzanın araşdırılmasında iştirakçı kimi çıxış edib. Müvafiq məlumatlar artıq qəza ilə bağlı tərəflərə göndərilib.

“Qəza ilə bağlı müvafiq dövlətlər tərəfindən açıqlama veriləcək. Dost və qardaş Azərbaycanla mülki aviasiya sahəsində əməkdaşlığımızın daha da artırılması barədə razılıq əldə edilib”, – açıqlamada qeyd olunur.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.