Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.
İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.
Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.
Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.
Rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.
Apress.az modern.az-a istinadən xəbər verir ki məsələ ilə bağlı danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qəzada ölənlərə Allahdan rəhmət diləyib:
“Allahdan bu ağır təyyarə qəzasında həlak olan can Azərbaycan vətəndaşlarına Allahdan rəhmət diləyirik. Yaralıların tez bir zamanda sağalmasını arzu edirik. Azərbaycan xalqına, ölənlərin yaxınlarına səbir diləyirik. Həqiqətən, çox pis hadisədir”.
Şamil Ayrım təyyarənin vurulması ilə bağlı xəbərlərə münasibət bildirib:
“Mətbuatdan aldığımız məlumata görə, Qroznı yaxınlığında təyyarə vurulur. Həmin vaxt 4 hava limanı olmasına baxmayarq, heç birinə enişlə bağlı icazə verilməyib. Təyyarənin avtomatik sistemlərinin hamısı bağlandığı üçün təyyarə əlaqə qura bilmir. Ancaq Qazaxıstan hüdudlarına girdiyi zaman Aktauya 50 kilometr qalmış əlaqə qurula bilir. Təbii ki, çox pis qəzadır. Təyyarənin “qara qutusu” da tapılıb, orada səs yazıları var. Təyyarənin içindən görüntüləri var. Bunu səlahiyyətli şəxslər aydınlaşdırmalıdır. Hələ də təyyarənin qəzaya uğramasına səbəb olan rus səlahiyyətlilərindən dəqiq bir açıqlama yoxdur. Məsələ hələ də araşdırma mərhələsindədir. Ona görə də bir şey deyə bilmirik. Məhz buna görə də, əvvəla bunların aydınlaşdırılmasına zərurət var.
Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, tıyyarəni vururlar, sonradan onun sərnişin təyyarəsi olduğunu anlayırlar. Bunu başa düşməməkləri mümkün deyil. Hadisəni törədənlərin ictimaiyyət üçün məsələləri aydınlaşdırmasına ehtiyac var. Gözləmək lazımdır. Bundan sonra məsələnin digər tərəfləri danışıla bilər. Veriləcək təzminat ölənləri geri gətirə bilməz. Amma hər bir nüansın müzakirə olunmasına zərurət var”.