Tədbirlərin sonunda iştirakçılara kitabça, sertifikat, dəftərxana ləvazimatları təqdim edilib
Gəncədə, Sumqayıtda və Bakı Dövlət Universitetinin SABAH qruplarında psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi ilə bağlı təlim keçirilib.
Bu barədə apress.az-a layihə rəhbəri psixoloq Kamil Həmidov məlumat verib.
O bildirib ki, təlimlərdə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Elşən Rüstəmovla birlikdə ictimai birliyin fəaliyyəti, gənclər üçün yaratdıqları imkanlardan, eləcə də layihənin məqsəd və vəzifələrindən danışıblar. Təlimçi psixoloq Ceyhunə Dəmirova isə interaktiv qaydada, qeyri-formal təhsil yanaşmasından istifadə edərək mövzunu tələbələrə çatdırıb. İştirakçılar mini qruplara bölünərək psixoloji tədqiqat prosesinin simulyativ modelini yaratmaqla təcrübə qazanıblar.
Əlavə edib ki, tədbirlərin sonunda iştirakçılara kitabça, sertifikat, dəftərxana ləvazimatları təqdim edilib.
Qeyd edək ki, “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “PsixoTədqiqat: psixologiya təhsili alan tələbələrə elmi tədqiqatların keçirilməsi və yazılmasının öyrədilməsi” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Sonda İctimai Birlik layihə üzrə tədbirlərin keçirilməsində göstərdiyi köməyə görə Gəncə Dövlət Universitetinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinə, BDU-nun və SABAH mərkəzinin rəhbərliyinə, fəal iştirak üçün isə tələbələrə təşəkkür edib.