Bu gün Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Elmi Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə növbəti idman turniri keçirilib.
“Vətən müharibəsinin cüdoçu şəhidlərinin xatirəsinə həsr olunmuş idman turniri”ndə Qazilər, KİV mənsubları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Turniri giriş sözü ilə açan “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov cüdoçu şəhidlərun Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb. Bildirilib ki, şəhid və qazilərimizin qəhrəmanlıqları hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Yeniyetmələri və gəncləri vətənpərvərlik ruhunda böyütmək ən böyük qazancımızdır.
Cüdoçu şəhidlərin xatirəsinə həsr olunan idman turnirinin sonunda qaliblər Vətən müharibəsi qaziləri tərəfindən təltif ediliblər.
Həmçinin, Vətən müharibəsi qazisi Sabir Dünyamalıyev kikboks üzrə vaxtilə özünün qazandığı medalı qaliblərdən birinə hədiyyə edib.