YAP rayon təşkilatlarının yeni sədrləri – “Köhnələr”in yerinə “lap könhələri” qaytardılarbackend
Araşdırma
1031

YAP rayon təşkilatlarının yeni sədrləri – “Köhnələr”in yerinə “lap könhələri” qaytardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Nağıyevin energetik qardaşı, rektorun oğlu, qocaman baş redaktor, gənc sahibkar və… – HOKM.AZ-ın araşdırma yazısı

Bu ilin mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirildi. Hakim partiyanın növbədənkənar qurultay qərarı gözlənilən idi. O səbəbdən ki, bundan öncə ali qanunverici orqan olan – Milli Məclis də buraxılmışdı. Ölkəboyu həyata keçirilən və hakimiyyətin bütün qollarını – icraedici, qanunverici, məhkəmə və sahəsini əhadə edən bu islahatlar hakim partiyadan da yan ötə bilməzdi.

Qurultay gözlənildiyi kimi, daha çox “köhnə komanda”nın yola salınması ilə yaddaqalan oldu. Bu günə qədər YAP-ın rəhbərliyində təmsil olunan, hakimiyyətin müxtəlif qollarında rəhbər vəzifələr daşıyan şəxslər partiya rəhbərliyindən uzaqlaşdırıldılar. Onların əksəriyyəti heç bir real təsir imkanları olmayan və yeni yaradılan təsisata – Veteranlar Şurasına üzv seçildilər. Əvvəlki sədr müavinlərindən – Əli HəsənovAkif Əlizadə yola salındı. İdarə Heyətinin tərkibində də xeyli dəyişikliklər oldu. Partiyada Siyasi Şura insitutu ləğv edildi. İcra katibliyinin ləğv edilməsi ilə hazırda partiya sədrinin müavini olan Əli Əhmədovun da partiya üzərində faktiki rəhbərliyinə son qoyuldu. Onu YAP sədrinin yeni müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvəz etdi.

Qurultaydan sonra partiyanın rayon təşkilatlarında da dəyişiklərin baş verəcəyi gözlənilirdi. Yeni Nizamnaməyə görə, rayon təşkilatlarının sədrləri partiyanın İdarə Heyəti tərəfindən təsdiq olunur. Bir neçə gün öncə isə gözləntilər özünü doğrultdu və paytaxt rayon təşkilatlarının rəhbərliyində dəyişikliklər edildi. İdarə heyətinin sentyabrın 10-da keçirilən iclasında bununla bağlı qərarlar verildi. Beləliklə, Şəmsəddin Hacıyev Səbail, Tağı Əhmədov Yasamal, Məlahət İbrahimqızı Nəsimi, Ramiz Göyüşov Binəqədi, Təmraz Tağıyev Nərimanov, Hüseynbala Mirələmov Xətai (bir müddət öncə partiya sıralarından xaric edilmişdi), Hikmət Şikarov Pirallahı rayon təşkilatlarının sədrliyindən getdilər. Digər paytaxt rayon təşkilatlarının sədrləri də yola salındı.

Onların yerinə təyin olunan şəxslərin sırasında isə kifayət qədər maraqlı simalar var. Hokm.az paytaxt rayonları üzrə YAP sədrləri təyin olunan şəxslərdən bəzilərinin kimliyini araşdırıb.

Beləliklə:

YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə Muxtar Nağıyev təyin edilib. M.Nağıyev uzun müddət “Azərenerji” ASC-də çalışıb. Bu qurumda Sınaq Xidmətinin rəisi olub. Yeni Azərbaycan Partiyanın qurucularından olan, partiyanın sədri, Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olan zaman Bakıda YAP-ın idarə edilməsinə məsul şəxs və YAP sədrinin sabiq müavini Əli Nağıyevin qardaşıdır. O Əli Nağıyevin ki, bir zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışır və proporsional sistemlə YAP-ın parlament fraksiyasına rəhbərlik edirdiı. Sonradan Ə.Nağıyev Azərbaycanın Belarusda səfiri vəzifəsində çalışıb. Hazırda işsiz olduğu deyilir.

YAP Xətai rayon təşkilatının sədri vəzifəsinə Vüqar Rəhimzadə təyinat alıb. V.Rəhimzadə uzun müddətdir mətbuatda təmsil olunur. Ötən əsrin 90-cı illərindən SOCAR-ın orqanı olan “İki Sahil” qəzetinin baş redaktorudur. Əvvəlcə bu qəzetdə məsul katib kimi əmək fəaliyyətinə başlasa da, sonradan qəzetin rəhbəri təyin olunub. Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. İkinci çağırış Azərbaycan Parlamentinin deputatı olub.

YAP Nərimanov rayon təşkilatının yeni sədri Samir Vəliyev “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğludur. Onun bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, atasının rəhbəri olduğu “Oksigen” klinikası, “Muğanbank”, “Müasir İnnovasiyalar Liseyi” və digər şirkətləri idarə etdiyi söylənilir. Bir müddət Təhsil Nazirliyində çalışan S.Vəliyev Mikayıl Cabbarovun həmin nazirliyə rəhbərliyə dövründə onun müşaviri də olub.

YAP Nizami rayon təşkilatının sədri vəzifəsinə təyin olunan Ramil Vəlibəyov buna qədər adıçəkilən təşkilatda aparat rəhbəri vəzifəsini daşıyıb. Partiyanın Gənclər Birliyinin də fəaliyyətində yaxından iştirak etdiyi deyilən R.Vəlibəyovun eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, aranjman studiyası işlətdiyi də söylənilənlər arasındadır.

YAP Yasamal rayon təşkilatının sədrliyinə gətirilən Bəxtiyar Nəbiyev buna qədər Yasamal rayonunda YAP-çı gənclərin sədri olub. İxtisasca tarixçi olan B.Nəbiyev BDU-nun məzunudur. Məzunu olduğu universitetdə tarix fənnini tələbələrə tədris edir, tarix elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

YAP Sabunçu rayon təşkilatının sədri olan Misirxan Vəliyev uzun müddət partiyanın Mərkəzi Qərargahında çalışıb. İddialara görə, Əli Əhmədovun partiyaya rəhbərliyi dövründə onun “sağ əli” sayılan – Mahir Abbasbəylinin ən yaxın adamlarından olub. Onun partiyanın Mərkəzi Aparatında həyata keçirilən islahatlara etiraz etdiyinə dair mətbuatda məlumatlar da yayılmışdı.

Xatırladaq ki, Qafar Əliyev Qaradağ rayon təşkilatının, Namiq Əhmədov Xəzər rayon təşkilatının, Vüsar İsmayılov Binəqədi rayon təşkilatının, Emil Abasov isə Pirallahı rayon təşkilatının sədrləri təyin olunub.

Mikayıl Mirzəzadə

Hokm.az