“Yeni ixtisaslara aid təhsil proqramlarının hazırlanması təşəbbüsü ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər əsasən maraqlı tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək. Maraqlı tərəflər dedikdə, işəgötürənlər, sahibkarlar, müxtəlif assosiasiyalar və ali təhsil müəssisələri nəzərdə tutulur. Onlar uyğun ixtisaslara dair təkliflərini müvafiq ali təhsil müəssisələrinə təqdim etməlidirlər”.
Apress.az-ın məlumatına görə, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, bu təkliflərin nəzərdən keçirilməsi üçün ali təhsil müəssisələrinin Elmi Şurası xüsusi işçi qrupu yaratmalıdır:
“İşçi qrupunun əsas vəzifəsi təklif olunan ixtisas üzrə əmək bazarının mövcud vəziyyətini təhlil etmək, perspektiv imkanlarını qiymətləndirmək, beynəlxalq təcrübəni öyrənmək və həmin ixtisas üzrə kadr ehtiyacını müəyyənləşdirməkdir. Bununla yanaşı, işəgötürənlərin həmin ixtisasla bağlı rəyləri də öyrənilməlidir”.
İdris İsayev əlavə edib ki, təklif olunan ixtisaslar xüsusi tələblərə cavab verməlidir:
“Birinci vacib tələb odur ki, bu ixtisaslar ölkəmizin inkişaf prioritetlərinə uyğun olmalıdır. İkinci tələb isə həmin ixtisasın peşə və ya kvalifikasiya standartlarının olmasıdır. Əgər belə standartlar mövcud deyilsə, həmin ixtisas üzrə təhsil proqramlarının hazırlanması mümkün deyil”.
Nazir müavini qeyd edib ki, Elm və Təhsil Nazirliyi təqdim edilən təklifləri qiymətləndirərək həmin ixtisasların təsnifata daxil edilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldıra bilər:
“Nazirlər Kabineti təsdiqlədikdən sonra yalnız təsdiqlənmiş ixtisas kodları ilə təhsil proqramlarının hazırlanmasına icazə verilir. Bu yanaşma əmək bazarının tələblərinə uyğun, ölkənin inkişaf prioritetlərinə xidmət edən və beynəlxalq standartlara cavab verən ixtisasların formalaşdırılmasını təmin edir”.