“Koronavirusun Hindistan ştammı daha ağır pandemiyaya səbəb ola bilər”.
Bu fikirləri Sinqapur Milli Universitetinin So Svi Huk İctimai Səhiyyə Məktəbinin dekanı, professor Tek İk İn bildirib. Alimin fikirləri “The Straits Times” qəzetində dərc olunub.
O, bu ştammın cəmiyyətdə yayılma sürətini xüsusilə qeyd edib və bildirib ki, virus mütəxəssislərin yoluxmuş insanları vaxtında izləmək, təcrid etmək və yoluxma zəncirini qırmaq qabiliyyətini üstələyir: “B.1.617.2 ştamı dünyanın əvvəllər qarşılaşmadığı daha güclü bir pandemiya partlayışına səbəb ola bilər”.
Mütəxəssis eyni zamanda, pandemiya üzərində nəzarətin zəif olduğu ölkələrdə yeni, daha yoluxucu virus növlərinin meydana çıxma ehtimalı barədə xəbərdarlıq edib.
“Hətta koronavirusla effektiv mübarizə aparan Vyetnam belə yeni yoluxmalarla qarşılaşıb və orada səlahiyyətli şəxslər Britaniya və Hindistan ştammlarının hibridi olan yeni bir virus variantını aşkar ediblər”, – Tek İk İn deyib.
Alim bu vəziyyətdə peyvəndin ən effektiv vasitə olduğunu deyib.
Martın sonunda Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ölkədə yeni koronavirus növünün aşkarlandığını açıqlayıb.
//Report