Xaçmazın deputatı Eldəniz Səlimovun ətrafında baş verən hadisələrdən sonra xüsusilə nisbətən gənc millət vəkillərinin bioqrafiyası, təhsili və deputatlığa qədərki karyerası cəmiyyətdə daha çox maraq doğurmağa başlayıb.
Xatırladaq ki, Eldəniz Səlimovla bağlı qalmaqaldan sonra onun bioqrafiyasına nəzər salındıqda məlum olmuşdu ki, bu deputatın ali təhsilli olduğu Dağıstan Dövlət Universitetindən aldığı diplom əsasında təyin edilib. O ali təhsil müəssisəsi ki, onun diplomlarını Azərbaycan tanımır və uzun illər Dağıstandakı “ali məktəblər” bir çox həmvətənimizin pul verib diplom aldığı təhsil müəssisələri kimi tanınıb.
Bu mövzuyla əlaqədar Eldəniz Səlimovun bioqrafiyası və təhsililə bağlı “AzPolitika.info”-da ötən gün dərc olunan məqaləyə oxucularımızdan birinin yazdığı şərh xüsusi olaraq, diqqətimizi cəlb etdi. Həmin şərhdə deyilirdi: “Siz bir maraqlanin, görək, Şəkinin deputatı Vuqar İskəndərov Gürcüstan diplomu ilə və əsgərliyə getmədiyi halda necə deputat seçilib? Bütün Şəki bunu bilir, yalnız lazımi şəxslərdən başqa…”
Həmin bu şərhdən “yola çıxaraq”, 113 saylı dairədən deputat olan Vüqar İskəndərovun internetdəki açıq mənbələrdə yer alan bioqrafiyası ilə maraqlandıq. Məlum oldu ki, doğrudan da 1972-ci il təvəllüdlü V.İskəndərovun tərcümeyi-halında onun 1996-cı ildə, yəni 24 yaşında Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib. Düzdür, tərcümeyi-halda təhsilin qiyabi olduğu göstərilməyib. Amma təhsil illərində onun Şəkidə müxtəlif vəzifələrdə işləməsi bundan xəbər verir. Tərcümeyi-halında Vüqar İskəndərovun 2012-ci ildə, yəni 40 yaşında Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olduğu və 2014-cü ildə (cəmi iki ilə…) həmin universiteti iqtisadçı ixtisası üzrə bitirdiyi də qeyd olunur. Bu, deputatımızın ikinci ali təhsilidir. İkinci ilə işimiz yoxdur, amma birinci təhsilin saxta olduğuna çox böyük şübhə var.
Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı göstərilib. Orada 34 ölkənin 600 universitetinin adı var. Həmin siyahıdan məlum olur ki, ölkəmizdən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58, Türkiyənin 13, Ukraynanınsa cəmi 2 ali təhsil müəssisəsinin diplomunu Təhsil Nazirliyi tanıyır. Siyahıdan da göründüyü kimi 2017-ci ilə qədər Azərbaycan Gürcüstan universitetlərinin diplomlarını tanımayıb.
Hələ onu da nəzərə almaq lazımdır ki, deputatın guya bitirdiyi universitet heç olmasa paytaxt Tbilisidə də yox, hansısa Laqodexi şəhərində yerləşir. Həmin bu Laqodexi şəhərinin cəmi 5900 nəfər əhalisi var. Yəni ki, şəhərdən çox qəsəbə sayıla bilər. Həmçinin, bu şəhərlə bağlı “Vikipediya”da göstərilir ki, orada bir tütün, bir də şərab zavodu var. Təhsil müəssisələrindən isə yalnız kənd təsərrüfatı texnikumu mövcuddur. Yəni “Laqodexi Elmi Tədris İnstitutu” adında hansısa ali məktəbin varlığına dair heç bir məlumat yoxdur…
Məlum olduğu kimi, uzun illərdir Təhsil Nazirliyi xarici ölkələrdən saxta yollarla alınan diplomlarla bağlı mübarizə tədbirləri görür və bu işdə ən əsas istiqamətlərdən biri məhz Gürcüstanın ali məktəbləridir. Çünki bu ölkədən məlum yollarla saxta diplomların alınması adi haldır. Odur ki, Vüqar İskəndərovun da ali təhsili, yumşaq desək, şübhəli görünür və öz “parlaqlığına” görə həmkarı Eldəniz Səlimovun təhsilindən geri qalmır…
Onu da qeyd edək ki, Vüqar İskəndərovla Eldəniz Səlimovun bənzərliyi təkcə diplomları ilə məhdudlaşmır. Əvvəla, İskəndərov da Səlimov kimi YAP-ın siyahısından deputat olanlardandır. Digər yandan, bioqrafiyası və müxtəlif mənbələrdən aldığımız məlumatlar göstərir ki, E.Səlimov Xaçmazın o vaxtkı icra başçısı Şəmsəddin Xanbabayevin adamı olaraq parlamentə düşdüyü kimi, V.İskəndərov da Şəkinin icra başçısı Elxan Usubovun xəttilə Milli Məclisə yol tapıb. Belə ki, V.İskəndərovun tərcümeyi-halında onun 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində ikinci yerə çıxdığı (eyni zamanda göstərilir ki, həmin il, yəni 1991-ci ildə Sovet ordusunda hərbi xidmətdə olub(?)…), 1996-cı ildə Dünya kubokunda bürünc medal qazandığı, 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olduğu və s. göstərilib. Bu məlumatları araşdırmaq, yaxud həqiqiliyinə şübhə etmək üçün hər hansı mənbəyə malik deyilik. Lakin hər halda, respublika səviyyəsində də olsa bu şəxsin hansısa böyük, səs-küylü idman nailiyyətlərinə, yaxud yetirmələrinin uğurlarına dair hər hansı məlumata rast gələ bilməmişik.
Daha sonra qeyd olunur ki, V.İskəndərov 1995-1998-ci illərdə “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə mühəndis, 1998-1999-cu illərdə Şəki 62 nömrəli Təmir-tikinti idarəsində iqtisadçı, 1999-2000-ci illərdə Şəki rayon Kooperativlər İttifaqında hüquqşünas, 2001-2005-ci illərdə isə Şəki Mərkəzi Rayon Xəstəxanasında hüquq məsləhətçisi işləyib. Və necə olubsa, 2005-ci ildə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəis təyin olunub. Xatırladaq ki, həmin illərdə Şəki hazırda həbsdə olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin kurasiyasında olub və rayonun icra başçısı Nazim İbrahimov da onun adamı sayılıb. Gənclər və İdman İdarəsinin rəisinin təyinatında isə icra başçısının rolu danılmazdır…
Maraqlıdır ki, V.İskəndərov bu “parlaq” təhsili ilə hələ 2010-2015-ci illərdə Şəki Pedaqoji Kollecinin Dövlət İmtahan Komissiyasının sədri də olub. Həmin kollecin vəziyyətini təsəvvür etmək çətin deyil…
Nəhayət, İskəndərov 2020-ci ilin növbədənkənar parlament seçkisində YAP siyahısı ilə 113 saylı Şəki şəhər Seçki Dairəsindən deputat seçilib. Bu cür təhsilə və tərcümeyi-hala malik şəxsin parlamentdə oturdulması bir daha E.Səlimov nümunəsində olduğu kimi, YAP-ın bəzi dairələrdə namizəd seçimində tətbiq etdiyi “kriteriyalar”ın heç bir tənqidə dözmədiyini göstərir.
Onu da xatırladaq ki, rəsmi rəqəmlərə görə 10 min 76 seçicinin səsini alıb, 52. 9 faizlə qalib elan olunan V.İskəndərovdan əvvəl 113 saylı Şəki şəhər Seçki Dairəsindən YAP-ın deputatı akademik Yaqub Mahmudov olub. Əlbəttə ki, Y. Mahmudov da nə seçiciləri, nə də bütünlükdə cəmiyyət üçün ideal deputat olmayıb və ondan da narazılıqlar kifayət qədər çox idi. Ancaq hər halda, Y.Mahmudov tanınmış tarixçi, elm adamı, nəhayət, akademik idi. Bəs, V.İskəndərov savadına, adına, nüfuzuna və s. görə onunla müqayisə oluna bilərmi? Təbii ki, yox. Belə olan halda sözügedən dairəni necə deyərlər, akademikdən alıb normal ali təhsili belə olmayan ortabab karateçiyə verəndə YAP-ın hansı məntiqə, hansı məqsədə kökləndiyini anlamaq çətindir. Yəni doğrudanmı, hakim partiya bu dərəcədə kadr qıtlığı yaşayır ki, akademiki heç düz-əməlli ali təhsili olmayan, hətta idman nailiyyətləri belə mübahisəli olan bir şəxslə əvəzləməyə məcbur olub? Yəqin ki, yox! Elə isə siyasətlə uzaqdan-yaxından əlaqəsi olmayan bu natamam təhsilli adamları parlamentə göndərməyin məqsədi nədir?
Hə, bir də hörmətli deputatımızın haqqına girmədən onu da qeyd edək ki, nə qədər ironik görünsə də, V.İskəndərovun tərcümeyi-halında onun nailiyyətləri sırasında 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğu xüsusi qeyd edilib…
Cəlal Məmmədov